Evli məmurun iş yoldaşı ilə eşq münasibəti iddiası: İşdən çıxarılan Teymur Hacıyev etiraz etdi

Evli məmurun iş yoldaşı ilə eşq münasibəti iddiası: İşdən çıxarılan Teymur Hacıyev etiraz etdi

DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Teymur Hacıyevin işdən azad edilməsi ilə bağlı məsələ gündəmə gəlib. Evli məmurun iş yoldaşı ilə sevgi münasibətləri yaşaması barədə yayılan məlumatlardan sonra onun əmək müqaviləsinə xitam verilməsi məsələsi müzakirələrə səbəb olub.

Azmedia.Az xəbər verirki, məlumata görə, Teymur Hacıyev DOST Agentliyinin Müşahidə Şurasının sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə açıq məktubla müraciət edərək işdən azad olunması ilə bağlı qərara etiraz edib.

Məlumata əsasən, evli olan Teymur Hacıyevin agentlikdə çalışan, tabeliyindəki L.İ. adlı xanım əməkdaşla sevgi münasibətləri yaşadığı bildirilir. İddialara görə, tərəflər ayrıldıqdan sonra Hacıyev münasibətləri bərpa etməyə çalışıb. Xanım əməkdaşın rəhbərliyə şikayətindən sonra məsələ ilə bağlı daxili araşdırma aparıldığı və hər iki əməkdaşın işdən azad edilməsi barədə qərar qəbul olunduğu qeyd edilir.

Teymur Hacıyev isə açıq məktubunda barəsində aparılan xidməti araşdırmaların nəticələri ilə razılaşmadığını bildirib. O, irəli sürülən ittihamların araşdırmalar zamanı təsdiqini tapmadığını, buna baxmayaraq, əmək müqaviləsinə xitam verilməsi məsələsinin gündəmə gətirildiyini qeyd edib.

Hacıyev məktubunda 2026-cı ilin sentyabr ayında barəsində xidməti araşdırmaya başlanıldığını, araşdırmanın bütün mərhələlərində əməkdaşlıq etdiyini, yazılı izahatlar və mövqeyini əsaslandıran məlumatlar təqdim etdiyini bildirib.

Onun sözlərinə görə, noyabrın 4-də və 5-də öz ərizəsi ilə işdən ayrılması üçün təzyiqlərlə üzləşib. Əks halda əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam veriləcəyi barədə xəbərdar edildiyini iddia edib.

Teymur Hacıyev açıq məktubunda ailəsinin sosial vəziyyətinə də toxunub. İki övlad atası olduğunu bildirən əməkdaş övladlarından birinin autizm spektr pozuntusu ilə əlaqədar xüsusi təhsil, reabilitasiya və davamlı dəstəyə ehtiyac duyduğunu qeyd edib. İşini itirəcəyi təqdirdə ailəsinin maddi vəziyyətinin pisləşəcəyini vurğulayıb.

O, nazir Anar Əliyevdən barəsində aparılan araşdırmaların nəticələrinin, təqdim etdiyi sübutların və əmək müqaviləsinə xitam verilməsi qərarının hüquqi əsaslarının yenidən, hərtərəfli və obyektiv şəkildə araşdırılmasını xahiş edib.

NAZİRLİKDƏN RƏSMİ AÇIQLAMA

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyi də açıqlanıb.

Naizirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə ünvanlanan  sorğuya verilən cavabda bildirilib ki, Teymur Hacıyevin şikayəti araşdırılıb, onun fəaliyyətində ciddi nöqsanlar təsdiqini tapıb və işdən azad edilməsi ilə bağlı qərar qəbul olunub.

Beləliklə, Teymur Hacıyev açıq məktubunda qərarın yenidən nəzərdən keçirilməsini istəyir, nazirlik isə aparılan araşdırmanın nəticələrinə əsaslanaraq öz mövqeyini açıqlayır.