Deputatın olduğu avtomobil aşdı: Qazi öldü, iki nəfər yaralandı- FOTO

Deputatın olduğu avtomobil aşdı: Qazi öldü, iki nəfər yaralandı-

Naxçıvanda baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Qəza zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı da daxil olmaqla iki nəfər xəsarət alıb.

Azmedia.Az xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Ordubad rayonunun Aşağı Əylis kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hərəkətdə olan “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə 1990-cı il təvəllüdlü Hüseynalıyev Hüseynalı hadisə yerində həyatını itirib. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu tibb müəssisələrinə aparılıblar. Əmrah Məmmədov Naxçıvan Muxtar Respublika Xəstəxanasına, Təbriz Zeynalov isə Ordubad Rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, yol-nəqliyyat hadisəsinin iştirakçıları olan hər üç şəxs Vətən müharibəsində iştirak edib və müharibə veteranıdır.

Qeyd edək ki, qəza nəticəsində xəsarət alan Təbriz Eyvaz oğlu Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Hadisədən sonra əraziyə polis əməkdaşları cəlb edilib. Faktın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.