Kəlbəcər azadlığına qovuşduğu gün: 6 il əvvəl tarix yazıldı!

Kəlbəcər azadlığına qovuşduğu gün: 6 il əvvəl tarix yazıldı!

Bu gün, noyabrın 25-də Kəlbəcər Şəhəri Günü qeyd olunur. Kəlbəcərin Ermənistanın işğalından azad edilməsindən 6 il ötür.

Azmedia.Az xəbər verir ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi qeyd edilir.

Kəlbəcərin azad olunması Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi və sərkərdəlik qabiliyyəti, eləcə də Azərbaycan Ordusunun Vətən müharibəsi zamanı həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində mümkün olub.

2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanata əsasən, Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi öz ordusunun və qanunsuz yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istəyib.

Bununla əlaqədar Azərbaycan dövləti humanist mövqe nümayiş etdirərək müddəti noyabrın 25-dək uzadıb.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri 1993-cü il aprelin 2-də Kəlbəcər rayonunu işğal edib. İşğal nəticəsində 53 min 340 nəfər doğma yurdundan didərgin düşüb, 55 hərbçi və 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Həmçinin minlərlə sakin yaralanıb.

Hazırda Kəlbəcərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Ərazidə yeni infrastruktur yaradılır, yollar çəkilir və rayonun dirçəldilməsi istiqamətində tədbirlər davam etdirilir.