“24 saat xidmətinizdəyik” deyirlər, zənglərə cavab verən yoxdur – KTV-dən narazılıq!
KTV abunəçiləri internet xidmətinin keyfiyyəti və müştəri dəstəyinin fəaliyyəti ilə bağlı ciddi narazılıqlarını bildirirlər. Vətəndaşlar iddia edirlər ki, internetdə yaranan nasazlıqlara operativ müdaxilə olunmur, telefon zəngləri isə cavabsız qalır. Şikayətçilərin sözlərinə görə, bu hal dəfələrlə təkrarlanıb.
Azmedia.Az xəbər verir ki, redaksiyamıza daxil olan müraciətlərdə KTV-nin müştəri xidmətlərinin fəaliyyəti, internet bağlantısında yaranan problemlər və ödəniş məsələləri ilə bağlı narazılıqlar ifadə olunur.
Vətəndaşların narazılığına səbəb olan əsas məqamlardan biri də KTV-nin müştəri xidmətlərinin əlçatmaz olmasıdır. Abonentlərin sözlərinə görə, internet xidmətində hər hansı fasilə yarandıqda və ya texniki problem baş verdikdə şirkət ödənişlərlə bağlı tələbləri dərhal irəli sürür. Lakin müştərilər problemlə bağlı şirkətlə əlaqə saxlamaq istədikdə eyni operativliyi görə bilmirlər.
Xüsusilə bazar günü, istirahət günündə belə abonentlər KTV ilə əlaqə yaratmaqda çətinlik çəkirlər. Vətəndaşlar bildirirlər ki, internet xidmətinin müddəti başa çatmamış, vaxtından əvvəl dayandırılması halları ilə də üzləşirlər. Bununla bağlı şirkətdən məlumat almaq və yaranmış problemi həll etmək üçün 127 əlaqə nömrəsinə zəng etsələr də, zənglərinə cavab verilmir. Hətta WhatsApp üzərindən təqdim olunan əlaqə vasitəsi ilə müraciətlərə də cavab ala bilmirlər.
Nəticədə abonentlər internet xidmətində yaranan problemlə bağlı kimə və necə müraciət edəcəklərini bilmirlər. Vətəndaşlar hesab edirlər ki, şirkət ödəniş məsələlərində göstərdiyi operativliyi müştəri müraciətlərinin cavablandırılmasında və xidmət keyfiyyətində də nümayiş etdirməlidir.
Lakin internet bağlantısında problem yarandıqda vətəndaşlar bir neçə gün gözləməli olurlar. Amma 24 saat xidmətinizdəyik deyirlər heç bir zəngə cavab verilmir bu nə cür xidmətdir deyə vətəndaşlar öz narazılığını bildirib.
Abunəçilərin əsas narazılıqlarından biri də müştəri xidmətləri ilə əlaqə saxlamağın çətinliyidir. Vətəndaşlar qeyd edirlər ki, problemlə bağlı şirkətin operatorlarına zəng etsələr də, zənglərə cavab verilmir. Nəticədə məsələni həll etmək istəyən müştərilər dəfələrlə telefonla əlaqə saxlamağa çalışır, bu zaman isə mobil balanslarında olan kontur da tükənir.
Vətəndaşların iddiasına görə, internet xidmətində yaranan nasazlıqlara münasibətdə göstərilən bu laqeyd yanaşma artıq bir neçə dəfə təkrarlanıb və abonentlər arasında ciddi narazılığa səbəb olub.
Vətəndaşların narazılığı bununla da məhdudlaşmır. Redaksiyamıza müraciət edən Fuad Aslanov (ad şərtidir) vətəndaş KTV-nin müştəri xidmətləri ilə əlaqə saxlamaqda çətinlik çəkdiyini bildirib.
Onun sözlərinə görə, bazar günü səhər saat 10:00-dan etibarən redaksiyaya müraciət etdiyi vaxtadək KTV ilə telefon vasitəsilə əlaqə yaratmaq mümkün olmayıb. Vətəndaş dəfələrlə zəng etməsinə baxmayaraq, operatorların cavab vermədiyini qeyd edib.
Şikayətçi bildirib ki, insanların, xüsusilə də istirahət günlərində evdə olduğu vaxt müxtəlif planları və işləri olur. İnternet xidmətində problem yarandıqda isə abonentlər yaranmış nasazlığın aradan qaldırılması üçün şirkətlə əlaqə saxlaya bilmirlər.
Onun sözlərinə görə, xüsusilə Nərimanov ərazisində yaşayan abonentlər bu problemlə üzləşirlər. Bununla yanaşı digər ərazidə yaşayan vətəndaşlar da KTV ilə əlaqə yaratmağa çalışsalar da, zənglərinə cavab ala bilmirlər.
Şikayətçi bu vəziyyətin artıq təkrarlanan xarakter aldığını və abonentlər arasında ciddi narazılığa səbəb olduğunu vurğulayıb. Onun fikrincə, ödəniş edən vətəndaşlar xidmətlə bağlı hər hansı problem yarandıqda aidiyyəti qurumla rahat şəkildə əlaqə saxlaya bilməlidirlər.
Azmedia.Az olaraq KTV rəhbərliyindən və aidiyyəti şəxslərdən məsələyə aydınlıq gətirmələrini, vətəndaşların şikayətlərinə münasibət bildirmələrini gözləyirik.



