BP-nin şirkətləri SOCAR-a keçdi

BP-nin şirkətləri SOCAR-a keçdi

BP-dən SOCAR-a mühüm səlahiyyət ötürüldü 1 iyul 2026-cı il tarixindən Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac neft boru kəmərinin operatorluğu BP-dən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC-yə (SMO) keçir.

Azmedia.Az xəbər verir ki, BP-nin yaydığı məlumata görə, dəyişiklik BTC boru kəmərinin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindəki hissələrini, həmçinin BTC və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri üzrə ümumi əməliyyatların idarə edilməsini əhatə edir. Səngəçal terminalının operatoru isə əvvəlki kimi BP olaraq qalacaq.

BP-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib ki, şirkət uzun illər ərzində BTC-ni təhlükəsiz və etibarlı şəkildə idarə edib və bundan sonra da layihənin səhmdarı kimi SOCAR və digər tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək.

SOCAR prezidenti Rövşən Nəcəf isə operatorluğun ötürülməsini şirkətin dünya səviyyəli enerji infrastrukturunun idarə edilməsində artan təcrübəsinin göstəricisi adlandırıb və strateji enerji dəhlizinin təhlükəsiz, etibarlı və səmərəli fəaliyyətinin təmin ediləcəyini vurğulayıb.

Uzunluğu 1768 kilometr olan BTC boru kəməri Xəzər regionundan Aralıq dənizinə neft ixracını təmin edən ən mühüm enerji layihələrindən biridir. İndiyədək bu kəmərlə 4,7 milyard bareldən çox xam neft dünya bazarlarına nəql edilib.