DOST-da sevgi münasibəti QALMAQALI: Teymur Hacıyev niyə işdən çıxarıldı?

DOST-da sevgi münasibəti QALMAQALI: Teymur Hacıyev niyə işdən çıxarıldı?


DOST Agentliyində vəzifəli şəxsin işdən çıxarılması ətrafında yaranan müzakirələr davam edir. Teymur Hacıyevin açıq müraciətindən sonra məsələ ilə bağlı hüquqi məqamlar açıqlanıb, Agentlik isə qərarının səbəbini bildirib.
Azmedia.Az xəbər verir ki, DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Teymur Hacıyev sosial şəbəkə hesabında əmək və əhalinin sosial müdafiəsi naziri, eyni zamanda DOST Agentliyinin Müşahidə Şurasının sədri Anar Əliyevə açıq məktub ünvanlayıb.

O, müraciətində əmək müqaviləsinə xitam verilməsi barədə qərara etiraz edib və işdən azad olunması üçün kifayət qədər hüquqi əsasın olmadığını bildirib.Məlumata əsasən, qərarın səbəbi Teymur Hacıyevin çalışdığı qurumda tabeliyində olan xanım əməkdaşla sevgi münasibətləri yaşaması olub.
Bəs rəhbər şəxslə onun tabeliyində çalışan əməkdaş arasında iş yerində sevgi münasibətlərinin olması əmək qanunvericiliyinin pozulması kimi qiymətləndirilə bilərmi? Belə münasibətlər əmək müqaviləsinə xitam verilməsi üçün hüquqi əsas yaradırmı? Bu halda işəgötürən hansı qanunvericilik normalarına istinad edə bilər?
Mövzu ilə bağlı hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, işəgötürənlə işçi arasında yaranan əmək mübahisələrinin bəyanat və ya açıq məktub vasitəsilə həlli qanunvericilikdə nəzərdə tutulmayıb

Onun sözlərinə görə, əmək hüquqlarının pozulduğunu düşünən işçi fərdi əmək mübahisəsi başlada bilər. Şəxs ona tətbiq edilmiş inzibati tənbeh tədbirindən bir ay müddətində mediasiya prosesindən keçdikdən sonra məhkəməyə müraciət etmək hüququna malikdir.
S.Məmmədov qeyd edib ki, bu məsələlər müvafiq qanunvericiliklə tənzimlənir:
“Əgər işçi hesab edirsə ki, onun əmək hüquqları pozulub, bu halda fərdi əmək mübahisəsi başlada bilər. Şəxs ona tətbiq edilən inzibati tənbeh tədbirindən bir ay müddətində mediasiya prosesindən keçməklə məhkəməyə müraciət edə bilər. Bu məsələlər qanunvericiliklə tənzimlənir. Bəyanat vermək, açıq məktub yazmaq və digər bu kimi addımlar əmək mübahisələrinin hüquqi həlli yolu deyil”.

Hüquq müdafiəçisi iş yerində işçiyə və ya tabelikdə olan əməkdaşlara qarşı seksual qısnama hallarının da qanunvericiliklə tənzimləndiyini vurğulayıb.
Onun sözlərinə görə, belə vəziyyətlərdə işəgötürən araşdırma aparmalı və təqsirkar şəxslərlə bağlı müvafiq tədbirlər görməlidir. Eyni zamanda, seksual qısnamaya məruz qalan şəxs öz istəyinə uyğun olaraq əmək müqaviləsinə xitam verə bilər.
Məsələ ilə bağlı vəkil Ramil Süleymanov da fikirlərini bölüşüb. O bildirib ki, bu cür davranışlarla bağlı iddialar, ilk növbədə, təsdiqini tapmalıdır.

Vəkilin sözlərinə görə, şəxslər arasında sevgi münasibətlərinin olması, xüsusilə də bu münasibətlərin tabelik əlaqələri çərçivəsində yaşanması kollektivdə iş rejiminin və ümumi etik dəyərlərin pozulması kimi qiymətləndirilə bilər.
R.Süleymanov qeyd edib ki, belə hallar iş vaxtı baş verdikdə və ya digər əməkdaşların davamlı məlumatlandırması nəticəsində üzə çıxdıqda müvafiq araşdırma aparılmalı, faktlar sənədləşdirilməli və akt tərtib edilməlidir.
Vəkil bildirib ki, hazırlanmış sənədlər əsasında işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işçi ilə əmək müqaviləsinə xitam verə bilər.

O, əlavə edib ki, söhbət dövlət qulluqçusundan gedirsə və qeyd olunan davranışların iş yerində baş verdiyi təsdiqlənərsə, bu hal dövlət qulluqçusunun etik davranış qaydalarının, eləcə də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması kimi qiymətləndirilə bilər. Belə əsaslarla şəxsin dövlət qulluğundan azad edilməsi məsələsinə baxılması mümkündür.
R.Süleymanov işdən azad edilən şəxsin müvafiq qərardan şikayət etmək hüququnun olduğunu da diqqətə çatdırıb.

Vəkilin sözlərinə görə, həmin şəxs dövlət qulluqçusudursa, işdən azad olunması barədə əmrdən inzibati məhkəməyə şikayət edə bilər. Digər əmək münasibətləri çərçivəsində isə əmək müqaviləsinə xitam verilməsi barədə əmri rayon və ya şəhər məhkəməsində mübahisələndirmək mümkündür.
Məsələ ilə bağlı DOST Agentliyinə də sorğu ünvanlanıb. Agentlik Globalinfo.az-ın sorğusuna cavab olaraq Teymur Hacıyevin şikayətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində araşdırıldığını bildirib.
Qurumun açıqlamasında qeyd olunub ki, onun fəaliyyətində yol verdiyi ciddi nöqsanlar təsdiqini tapıb və işdən azad edilməsi barədə qərar qəbul olunub.

Agentliyin cavabında deyilir:
“Teymur Nadir oğlu Hacıyevin şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində araşdırılıb. Onun fəaliyyətində buraxdığı ciddi nöqsanlar öz təsdiqini tapıb və işdən azad edilməsi ilə bağlı qərar qəbul edilib. Əlavə şərhimiz yoxdur”.