Əhaliyə ŞAD XƏBƏR ola bilər: İşıq və qaz limitlərinə yenidən baxılması təklif edildi!
Azərbaycanda təbii qaz və elektrik enerjisi üzrə mövcud limitlərin yenidən nəzərdən keçirilməsi təklif olunur. Xüsusilə dağlıq rayonlarda yaşayan vətəndaşlar üçün qazın daha ucuz tariflərlə təqdim edilməsi, elektrik enerjisi üzrə isə gecə və gündüz tariflərinin tətbiqi gündəmə gətirilib.
Azmedia.Az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bu barədə Modern.az-a açıqlamasında danışıb.
Deputat bildirib ki, qış mövsümündə dağlıq rayonlarda yaşayan sakinlərin təbii qaza tələbatı artır. Soyuq havalar səbəbindən istilik ehtiyaclarının qarşılanması üçün daha çox qaz sərf olunur ki, bu da ailələrin kommunal xərclərinin yüksəlməsinə səbəb olur.
Vüqar Bayramovun sözlərinə görə, bu baxımdan dağlıq rayonlarda qaz limitlərinə yenidən baxılması və daha ucuz tariflərin tətbiqi məqsədəuyğun olardı.
Deputat elektrik enerjisi ilə bağlı da diferensial tarif sisteminin tətbiqini təklif edib. Onun fikrincə, gecə və gündüz saatlarında fərqli tariflərin müəyyənləşdirilməsi xüsusilə biznes və istehsal müəssisələrinin xərclərinin azalmasına kömək edə bilər.
O qeyd edib ki, bir sıra Avropa ölkələrində gecə saatlarında elektrik enerjisi daha aşağı qiymətə təqdim olunur. Bu təcrübənin Azərbaycanda da tətbiqi müzakirə edilməlidir.
Mövcud tariflər necədir?
Hazırda təbii qaz üzrə illik istehlak:
-
1200 kubmetrə qədər – 12,5 qəpik;
-
1200–2500 kubmetr – 22 qəpik;
-
2500 kubmetrdən artıq – 30 qəpikdir.
Elektrik enerjisi üzrə aylıq istehlak:
-
200 kilovat-saata qədər – 8,4 qəpik;
-
200–300 kilovat-saat – 10 qəpik;
-
300 kilovat-saatdan artıq – 15 qəpik təşkil edir.
Deputat əlavə edib ki, bu təkliflər artıq komitə iclaslarında səsləndirilib. Müvafiq dövlət qurumu tərəfindən qiymətləndirmə aparıldıqdan sonra məsələ ilə bağlı qərar verilə bilər.



