AZAL-dan İstanbul reysləri ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR – Sərnişinlərə təsir edəcək!
Azərbaycan Hava Yolları Bakı-İstanbul marşrutu üzrə uçuşlarla bağlı dəyişiklik etməyə hazırlaşır. Yeni qərara əsasən, gələn ilin yanvarından etibarən bütün reyslər İstanbulun əsas beynəlxalq hava limanından həyata keçiriləcək.
Azmedia.Az xəbər verir ki, Azərbaycan Hava Yolları (AZAL) 2027-ci il yanvarın 4-dən etibarən Bakı-İstanbul marşrutu üzrə bütün uçuşlarını İstanbul Beynəlxalq Hava Limanı (IST) vasitəsilə həyata keçirməyi planlaşdırır.
Bu barədə aviaşirkətdən bildirilib.
Məlumata görə, dəyişiklik uçuş proqramının optimallaşdırılması çərçivəsində həyata keçirilir. Bununla da reyslərin regionun ən böyük beynəlxalq aviasiya qovşaqlarından birində cəmləşdirilməsi nəzərdə tutulur.
Aviaşirkətdən bildirilib ki, əsas məqsəd uçuşların təşkilində səmərəliliyi artırmaq, eyni zamanda İstanbul Beynəlxalq Hava Limanının geniş beynəlxalq marşrut şəbəkəsi hesabına sərnişinlərə növbəti səfərlərini planlaşdırmaq üçün daha əlverişli imkanlar yaratmaqdır.
Qeyd edək ki, sosial şəbəkələrdə AZAL-ın yeni ildən etibarən İstanbulun Sabiha Gökçen Beynəlxalq Hava Limanına uçuşları dayandıracağı ilə bağlı məlumatlar yayılıb.



