Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirildi - VİDEO - FOTO
Yaşıl Teatrda müğənni Rəvan Qarayevin “Məktub yazıram” adlı ilk solo konserti keçirilib.
Azmedia.Az xəbər verir ki, gecə boyunca Rəvan repertuarında yer alan ən məşhur mahnılarını səsləndirilib. Sənətçinin ifaları orkestrin müşayiəti ilə təqdim olunub.
Konsertin aparıcısı Əməkdar artist Əkbər Əlizadə olub. Gecədə həmçinin də müğənni Miro iştirak edib və səhnəyə çıxaraq öz ifalarını təqdim edib. Diqqət çəkən məqamlarından biri də Rəvan Qarayevin ailə üzvləri ilə səhnəni bölüşməsi olub. Sənətçi bacısı Həcər Abdullayeva və atası Elşaq Qarayevlə duet ifa edib. Proqram musiqi ifaları ilə yanaşı, xüsusi rəqs nömrələri və səhnəciklərlə də zəngin olub. Hər çıxış üçün ayrıca səhnə həlli hazırlanıb.
Gecənin ən duyğusal məqamlarından biri isə Rəvan Qarayevin Milli Qəhrəman Hökümə Əliyevaya həsr etdiyi “Hər şey yaxşı olacaq” əsərinin ifa etməsi olub. Konsertdə Milli Qəhrəmanın anası da iştirak edib. Əsərin səsləndirilməsi tamaşaçılar tərəfindən böyük diqqət və duyğu ilə qarşılanıb.
Konsert boyu səmimi ab-hava hökm sürüb. Rəvan Qarayevin tamaşaçılarla birbaşa ünsiyyəti və auditoriyanın da mahnılara qoşulması gecənin əsas məqamlarından olub.
Konsertin sonunda Rəvan Qarayev səhnədən növbəti konserti ilə bağlı anons verib. Sənətçinin sözlərinə görə, növbəti konsertinin 23 fevralda Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır.
Şəlalə Camal
Azmedia.Az


