Sərnişinlər bu avtobuslara minməkdə çətinlik çəkir: 5-i keçdi, 6-cısına güclə mindi- SƏBƏB NƏDİR?-FOTO
Səhər saatlarında paytaxtda ictimai nəqliyyatın hərəkətində yaranan gecikmələr və dayanacaqlarda müşahidə olunan sıxlıq sərnişinlər üçün ciddi çətinliklər yaradır.
Azmedia.Az xəbər verir ki, M TV-nin qarşısında, yolun əks tərəfində, Aztelekomun yaxınlığında yerləşən avtobus dayanacağında səhər saatlarında ciddi sərnişin sıxlığı müşahidə olunub.
Müşahidələr zamanı 13 və 65 nömrəli marşrut avtobuslarının gecikməsi, dayanacaqda gözləyən sərnişinlərin sayının artması və nəqliyyat vasitələrinin içindəki çoxlu sayda sərnişinin olması həmdə avtobusa minərkən basabas yaranması halları qeydə alınıb.
Sərnişinlərdən biri olaraq özüm də həmin dayanacaqda 13 nömrəli avtobusu gözləməli oldum. Lakin ardıcıl olaraq beş ədəd 13 nömrəli avtobus dayanacağa yaxınlaşmadan hərəkətini davam etdirərək keçib getdi. Yalnız altıncı avtobusa minmək mümkün oldu.
Burada əsas sual yaranır: Səhər saatlarında 13 və 65 nömrəli avtobusların hərəkətində gecikmələrin və dayanacaqlarda belə sıxlığın yaranmasının səbəbi nədir?
Nəzərə almaq lazımdır ki, səhər saatları insanların işə, tələbələrin isə təhsil müəssisələrinə getdiyi ən intensiv vaxtdır. İctimai nəqliyyatda yaranan bu cür problemlər sakinlərin gündəlik fəaliyyətinə birbaşa təsir göstərir. İşə gecikən vətəndaşlar iş yerlərində problemlə üzləşə, dərsə gecikən tələbələr isə davamiyyətlə bağlı çətinlik yaşaya bilərlər.
Digər tərəfdən, avtobuslarda yaranan həddindən artıq sıxlıq sərnişinlərin rahat və təhlükəsiz şəkildə hərəkət etməsinə də mane olur.
Aidiyyəti qurumlardan 13 və 65 nömrəli marşrut avtobuslarının səhər saatlarında hərəkət intervalına, dayanacaqlarda yaranan sıxlığın səbəblərinə və sərnişindaşıma xidmətinin təşkilinə aydınlıq gətirilməsini xahiş edirik.
Sakinlər işə və tələbələr dərsə vaxtında çatmaq üçün ictimai nəqliyyatdan istifadə edərkən bu cür problemlərlə üzləşməməlidirlər.

