Ad gününü yaxınları ilə qeyd etmişdi – Tanınmış aparıcı evə qayıdarkən qəzada öldü- FOTO
ARB TV-nin keçmiş aparıcısı Ada Süleymanın Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
Azmedia.Az xəbər verir ki, aparıcı yaxınları ilə birlikdə doğum gününü qeyd etdikdən sonra evə qayıdarkən yol qəzasına düşüb və hadisə nəticəsində həyatını itirib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, qurumun “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi, eləcə də avtomobildə sıxılı vəziyyətdə qalan şəxslərin olması barədə məlumat daxil olub.
Daxil olan məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə göndəriliblər.
Əraziyə çatan xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən VOYAH markalı minik avtomobili ilə yük avtomobilinin iştirakı ilə qəzanın baş verdiyini müəyyən ediblər. Hadisə nəticəsində həyatını itirən şəxslərin deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı aşkarlanıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü Anar Alik oğlu Kərimovun və sərnişin Ada Ceyhun qızı Süleymanovanın meyitlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Ada Süleyman uzun müddət ARB TV-də yayımlanan “Sən olsaydın” verilişinin aparıcısı kimi fəaliyyət göstərib.



