Deputat “Azərişıq”dan ŞİKAYƏTLƏNDİ: “Ötən il məktub yazmışam, cavab yoxdur”- İmişli və Saatlının qaz problemi də qaldırıldı-VİDEO

Deputat “Azərişıq”dan ŞİKAYƏTLƏNDİ: “Ötən il məktub yazmışam, cavab yoxdur”-

Milli Məclisin deputatı Səyyad Aran parlamentdə çıxışı zamanı “Azərişıq”ın fəaliyyətinə, İmişli və Saatlı rayonlarının qazlaşdırılmasına, eləcə də büdcə müzakirələrində deputatlara söz verilməsi məsələsinə toxunub.

Azmedia.Az xəbər verir ki, deputat 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı seçicilərinin üzləşdiyi problemləri diqqətə çatdırıb.

Səyyad Aran çıxışının əvvəlində parlamentdə söz almaq üçün qeydiyyat məsələsindən narazılığını ifadə edib. O bildirib ki, parta yoldaşı ilə eyni vaxtda çıxış üçün düyməni basmasına baxmayaraq, özü siyahıda 44-cü, həmkarı isə ikinci olub.

Deputat bu məsələyə toxunaraq bildirib ki, insanlar büdcə layihəsini, xüsusilə də maaşların artırılması ilə bağlı mümkün qərarları böyük maraqla gözləyirlər:

“Camaatın büdcə layihəsini həvəslə gözlədiyini eşitmişəm. Maaşlar artacaq, millət də bunu gözləyir. Biz bunu danışmayanda, deməyəndə deyirlər ki, sən orada niyə oturmusan? Deyim ki, 10 nəfərlik siyahıya düşə bilmirəm?”

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın iradına münasibət bildirərək Jalə xanımın düyməni bir neçə saniyə əvvəl basdığını deyib və büdcə müzakirələrinin hər dəfə bu cür mübahisəyə çevrilməməsini xahiş edib.

“Azərişıq”a məktub yazıb, cavab ala bilməyib

Səyyad Aran ötən il sentyabrın 23-də İmişli rayonunun Varxan kəndində təhlükə yaradan elektrik dirəyi ilə bağlı “Azərişıq”a rəsmi məktub ünvanladığını, lakin müraciətinə indiyədək cavab verilmədiyini bildirib.

Deputatın sözlərinə görə, kənddəki beton elektrik dirəyi aşmaq təhlükəsi ilə üz-üzədir. Dirəyə taxta və ağac kötüyü ilə dayaq verilib.

“Bu dirək aşsa və həmin vaxt oradan keçən maşının üstünə düşsə, maşındakı insanlar həlak olsa, sən canını hara qoyacaqsan? Axı mən keçən il sentyabrın 23-də məktub yazmışam. Cavab yoxdur”, – deyə deputat bildirib.

O, Varxan kənd məktəbinin də təmirə ehtiyacı olduğunu qeyd edib. Deputat məktəbin yaxınlığında yerləşən açıq transformatorun uşaqlar üçün təhlükə yaratdığını vurğulayıb və ərazidə mühafizə çəpərinin qurulmasını istəyib.

“Top gedib transformatorun yanına düşür. Məktub yazmışam ki, gəlin, burada mühafizə çəpəri tikin. Niyə gəlmirsiniz? Niyə bu müraciətləri qulaqardına vurursunuz?” – deyə Səyyad Aran sual edib.

Sədrə müraciət etdi: “İmişli və Saatlıda qazlaşdırma qurtarsın”

Deputat çıxışında İmişli və Saatlı rayonlarının qazlaşdırılmayan kəndlərinin problemini də gündəmə gətirib.

Səyyad Aran xanım sədrə müraciət edərək bu məsələnin həlli üçün müvafiq addımların atılmasını istəyib. O, qazlaşdırma işlərinin başa çatdırılmasının əhəmiyyətini vurğulayaraq bildirib ki, bu işlər yekunlaşarsa, İmişli və Saatlı sakinləri üçün mühüm nəticə əldə edilmiş olar.

Deputatın sözlərinə görə, Hacıqasımlı, Kamallı, Musalı, Nərimanov və Nurulu kəndlərində təbii qaz yoxdur.

O, qazlaşdırma məsələsinin diqqətdə saxlanılmasını istəyərək belə bir təklif səsləndirib: “Olmaz ki, bu qazlaşdırma işini həll edib, yağlı bir plus qoysunlar ki, İmişli və Saatlıda qazlaşdırma qurtardı?”

Səyyad Aran adıçəkilən kəndlərin də təbii qazla təmin olunmasının vacibliyini vurğulayıb.