Bakıda avtomobillə bu ərazilərə girmək PULLU OLACAQ – Sürücüləri yeni ödəniş gözləyir!
Bakıda avtomobillə hərəkətlə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Paytaxtda müəyyən ərazilərə daxil olmaq istəyən sürücülərdən ödəniş alınması nəzərdə tutulur.
Azmedia.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Avtomobil yolları haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Təklif olunan dəyişikliklərə əsasən, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları müəyyən ediləcək.
Həmin zonalara nəqliyyat vasitələri ilə daxil olmağa görə ödəniləcək haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək. Bu ərazilərə girişdən toplanan vəsait dövlət büdcəsinə köçürüləcək.
Qanun layihəsində digər dəyişiklik isə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarına aiddir.
Təklifə əsasən, bu sahədə fəaliyyət göstərən daşıyıcılara məsafə əsaslı avtomobil nəqliyyatı xidmətlərinin göstərilməsinə görə subsidiya ayrılacaq.
Subsidiya dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək. Onun verilməsi qaydası isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdiriləcək.

