Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedə biləcəklər – Tarix açıqlandı
Azərbaycan vətəndaşları noyabrın 22-dən etibarən İordaniyaya vizasız səfər edə biləcəklər. İki ölkə arasında adi pasport sahiblərini əhatə edən yeni rejim tətbiq olunacaq.
Azmedia.Az xəbər verir ki, 22 noyabr 2026-cı il tarixindən etibarən Azərbaycan və İordaniya arasında hər iki ölkənin adi pasportlarına malik vətəndaşları üçün vizasız gediş-gəliş rejimi qüvvəyə minəcək.
Dövlət Miqrasiya Xidmətinə istinadən verdiyi məlumata görə, qərar ikitərəfli əməkdaşlığın gücləndirilməsi və turizm əlaqələrinin inkişaf etdirilməsi məqsədi daşıyır.
Yeni qaydalara əsasən, Azərbaycan və İordaniya vətəndaşları qarşılıqlı şəkildə digər ölkənin ərazisinə vizasız daxil ola, ölkədən çıxa və tranzit keçid edə biləcəklər. İstənilən 180 günlük müddət ərzində ölkədə maksimum qalma müddəti 90 gün təşkil edəcək.
Eyni zamanda, Azərbaycanda 15 gündən artıq qalan xarici vətəndaşlar Miqrasiya Məcəlləsinin tələblərinə uyğun olaraq olduqları yer üzrə qeydiyyatdan keçməlidirlər.
Bundan əlavə, müvafiq qanuni əsaslar mövcud olduğu halda, əcnəbilər müvəqqəti qalma müddətlərini uzada və ya müvəqqəti yaşamaq üçün icazə müddəti başa çatmamışdan əvvəl müvafiq icazə ala bilərlər.
Bunun üçün ASAN xidmət mərkəzlərinə müraciət etmək və ya Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində yerləşən “Elektron Xidmətlər” bölməsindən istifadə etmək mümkündür.

