Qarabağ Universitetində qız üstündə DAVA: Tələbə 350 manat cərimələndi – TƏFƏRRÜAT
Qarabağ Universitetinin tələbələri arasında şəxsi münasibətlər zəminində mübahisə və dava baş verib.
Azmedia.Az xəbər verir ki, məlumata görə, hadisə universitetin Biznes və iqtisadiyyat fakültəsinin II kurs tələbələri arasında yaşanıb.
Məlumata əsasən, Təbriz Muradov (adlar və soyadlar şərtidir) universitetdə təhsil alan Sevda adlı qızla dostluq münasibəti qurmaq istəyib. Lakin onun tələbə yoldaşı Sadiqin həmin qızla yaxın münasibət yaratması iki gənc arasında narazılığa səbəb olub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Təbriz Sadiqin Sevda ilə yaxın münasibət qurmasına əsəbiləşib. O, məsələni aydınlaşdırmaq məqsədilə Sadiqi Xankəndi şəhərində yerləşən marketlərdən birinin yaxınlığındakı körpüyə söhbətə çağırıb. Görüş zamanı Təbriz Sadiqin sifətinə yumruq zərbəsi endirib.
Təbriz ifadəsində qeyd edib ki, hadisədən sonra Sadiq tələbə yoldaşlarının yanına gedərək Təbrizin onu döydüyünü və digər tələbə yoldaşlarını da təhqir etdiyini bildirib. Bundan sonra tərəflər yaranmış mübahisəyə yenidən aydınlıq gətirmək üçün bu dəfə Xankəndidə fəaliyyət göstərən restoranlardan birində görüşüblər.
Sadiq ifadəsində bildirib ki, restoranda keçirilən görüş zamanı Təbriz digər tələbə yoldaşlarının yanında onun ünvanına nalayiq ifadələr işlədərək nüfuzuna xələl gətirməyə çalışıb.
Təbriz isə səsləndirilən ittihamlarla razılaşmayıb. O, restoranda heç kimi təhqir etmədiyini, görüşün yalnız kimin doğru danışdığını müəyyənləşdirmək məqsədi daşıdığını söyləyib. Baş verənlərə görə peşman olduğunu bildirsə də, özünü təqsirli hesab etməyib.
Hazırda Qarabağ Universitetindən xaric olunduğunu bildirən Sadiq Təbrizi bağışlamadığını və onunla barışmaq niyyətində olmadığını vurğulayıb.
O, məhkəmədən Təbrizin inzibati qaydada həbs edilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Təbriz İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) və 510.1-ci (xırda xuliqanlıq) maddələri üzrə təqsirli bilinərək 350 manat məbləğində cərimələnib



