Yeni asfalt çəkildi, amma vacib təhlükəsizlik tədbirləri unuduldu? – Sürücülər üçün riskli vəziyyət
Şamaxı–Ağsu–Qəbələ istiqamətində yeni asfalt örtüyü çəkilmiş avtomobil yolunda təhlükəsizliklə bağlı ciddi çatışmazlıqların olduğu bildirilir.
Azmedia.Az xəbər verir ki, sözügedən yolun müəyyən hissələrində müasir asfalt örtüyü çəkilməsinə baxmayaraq, ərazidə yol işıqlandırmasının və zəruri yol nişanlarının olmaması sürücülər üçün çətinlik yaradır.
Xüsusilə gecə saatlarında işıqlandırmanın olmaması, eləcə də yol nişanlarının və xəbərdaredici göstəricilərin çatışmazlığı hərəkət iştirakçıları üçün qəza riskini artırır.
Hava şəraitinin dumanlı olduğu vaxtlarda isə vəziyyət daha da çətinləşir. Görmə məsafəsinin azalması səbəbindən sürücülərin yolun istiqamətini, təhlükəli döngələri və digər potensial riskli sahələri vaxtında müəyyənləşdirməsi çətinləşir.
Nəzərə almaq lazımdır ki, avtomobil yollarında təhlükəsizlik yalnız asfalt örtüyünün yenilənməsi ilə məhdudlaşmır. Yolun müvafiq işıqlandırma sistemi, yol nişanları və xəbərdaredici göstəricilərlə təmin olunması da mühüm əhəmiyyət daşıyır.
Aidiyyəti qurumların sözügedən istiqamətdə mövcud vəziyyəti araşdırması, zəruri yol nişanlarının quraşdırılması və işıqlandırma məsələsinə baxılması vacibdir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət olunub, cavab daxil olduqda dərc ediləcək.

