13 nömrəli avtobuslarda BASABAS: BakuBus-dan sərnişinlərin narazılığına AÇIQLAMA

13 nömrəli avtobuslarda BASABAS: BakuBus-dan sərnişinlərin narazılığına

Bakıda 13 nömrəli marşrut avtobuslarında müşahidə olunan sərnişin sıxlığı və bu problemin aradan qaldırılması istiqamətində görülən tədbirlərlə bağlı BakuBus MMC-dən açıqlama verilib.

Azmedia.Az xəbər verir ki,BakuBus MMC-nin mətbuat katibi və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva Azmedia.Az-a açıqlamasında bildirib ki, 13 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti ümumilikdə 21 avtobus vasitəsilə həyata keçirilir. Marşrut üzrə avtobuslararası interval 6 dəqiqə təşkil edir.

Əsmər Əliyevanın sözlərinə görə, səhər və axşam pik saatlarında marşrutun keçdiyi Moskva prospekti, Həsən Əliyev küçəsi və Heydər Əliyev prospektində yaranan nəqliyyat sıxlığı avtobuslararası intervalların müvəqqəti olaraq artmasına səbəb ola bilir.

O bildirib ki, pik saatlarda sərnişin sıxlığının azaldılması və sərnişindaşımanın fasiləsiz təmin edilməsi məqsədilə marşrut xəttinə əlavə 2 ehtiyat avtobus cəlb edilir.

Əsmər Əliyeva həmçinin qeyd edib ki, marşrut xəttinin fəaliyyəti mütəmadi olaraq təhlil edilir, sərnişin axını və mövcud tələbat nəzərə alınmaqla daşımaların daha səmərəli təşkili istiqamətində müvafiq tədbirlər görülür.

BakuBus MMC-nin mətbuat katibi pik saatlarda nəqliyyat sıxlığı səbəbindən yarana biləcək müvəqqəti interval artımları ilə əlaqədar sərnişinlərdən anlayış göstərmələrini xahiş edib.

Əli Şəyəldiyev

Azmedia.Az