“Keçmiş müdirim qızımın görüntülərini yayıb” – Bakıda məhkəməyə şikayət edildi
Bakıda keçmiş işəgötürənlə bağlı məhkəməyə maraqlı müraciət daxil olub. Şikayətçi qadın keçmiş rəhbərinin onun və otaq yoldaşının şəxsi həyatına dair görüntüləri sosial şəbəkə səhifəsinə ötürdüyünü iddia edir.
Azmedia.Az xəbər verir ki, bu barədə məlumata görə, bu günlərdə Yasamal Rayon Məhkəməsinə müraciət edən Nuranə Məmmədova (ad və soyadlar şərtidir) əvvəllər çalışdığı gözəllik salonunun rəhbərinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.
Şikayətçi bildirib ki, Tünzalə Səmədovanın rəhbərlik etdiyi gözəllik salonunda 1 il 4 ay müddətində dırnaq ustası kimi fəaliyyət göstərib. Lakin sonradan tərəflər arasında əmək münasibətləri pozulub.
Onun sözlərinə görə, Türkiyədən idarə olunan “İntizar Toklu” adlı sosial şəbəkə səhifəsində özü və otaq yoldaşı Nərgizin şəxsi həyatına aid görüntülər paylaşılıb. Həmin paylaşımlarda hər iki qadının cinsi azlıq nümayəndəsi olması, birlikdə yaşaması və digər məsələlərlə bağlı iddialar yer alıb.
Məhkəməyə müraciət edən qadın sözügedən görüntülərin və məlumatların keçmiş rəhbəri Tünzalə tərəfindən “İntizar Toklu” adlı istifadəçiyə ötürüldüyünü iddia edib. O, bu məlumatların yayılması nəticəsində şərəf və ləyaqətinin alçaldıldığını bildirib.
Yasamal Rayon Məhkəməsində keçirilən iclasda cavabdeh tərəfin nümayəndəsi xüsusi ittiham qaydasında təqdim olunan şikayətdə prosessual pozuntuların olduğunu əsas gətirərək onun icraata qəbul edilməməsini istəyib.
Məhkəmə prosessual qaydalardakı çatışmazlıqları nəzərə alaraq Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbulundan və məhkəmə baxışının keçirilməsindən imtina barədə qərar qəbul edib.
Şikayətçiyə qərardan apellyasiya instansiyasına şikayət vermək hüququnun olduğu bildirilib.



