Generalın qızını həbs etmək istədilər – Məhkəmədən GÖZLƏNİLMƏZ QƏRAR!
Külli miqdarda vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan mediator Türkər Əliyeva ilə bağlı prokurorluğun apellyasiya protestinə baxılıb. Məhkəmə onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilməməsinə qərar verib.
Azmedia.Az xəbər verir ki, bu gün Sumqayıt Apellyasiya Məhkəməsində prokurorluğun verdiyi apellyasiya protesti üzrə məhkəmə prosesi keçirilib.
Prosesdə apellyasiya protestinə baxılaraq müvafiq qərar qəbul edilib. Qərara əsasən, protest təmin olunmayıb. Türkər Əliyeva barəsində ev dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanılıb.
Qeyd edək ki, Sumqayıt Şəhər Məhkəməsi Türkər Əliyevanın himayəsində 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan övladının olmasını, onları təkbaşına böyütməsini, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Prokurorluq həmin qərardan narazı qalaraq apellyasiya protesti verib və Türkər Əliyevanın həbs olunmasını istəyib.
Dələduzluqda ittiham olunan Türkər Əliyeva mediator kimi fəaliyyət göstərib. O, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Natiq Əliyevin qızıdır.
Türkər Əliyevaya Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, o, torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə külli miqdarda pul alıb.
Türkər Əliyeva Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini, ehtiyatda olan general-mayor Ceyhun Rzayevin şikayəti əsasında prokurorluqda aparılan araşdırma çərçivəsində saxlanılıb.

