14 İLLİK CƏZA İLƏ RAZILAŞMADI! - Ramiz Mehdiyev apellyasiya şikayəti verdi.
Ramiz Mehdiyev barəsində çıxarılan məhkəmə hökmündən narazı qalıb. O, 14 il müddətinə şərti cəza verilməsi ilə bağlı qərardan apellyasiya şikayəti verərək işə yenidən baxılmasını tələb edib.
Azmedia.Az xəbər verir ki, dövlətçilik əleyhinə və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
Məlumata görə, şikayət ərizəsində Ramiz Mehdiyevin cinayət işinə yenidən baxılması, törətdiyi əməllərə müvafiq hüquqi qiymət verilməklə daha yüngül qərar qəbul edilməsi xahiş olunub.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Hələlik məhkəmə prosesinin keçiriləcəyi tarix məlum deyil.
Uzun illər Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışmış Ramiz Mehdiyevin cinayət əməlləri ötən il ifşa olunub. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) onun dövlət çevrilişinə cəhd etməsi ilə bağlı səs yazılarını ictimaiyyətə açıqlayıb.
Ötən ay çıxarılan hökmlə Ramiz Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə, dövlətə xəyanətdə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında və külli miqdarda rüşvət almaqda təqsirli bilinib.
Onun yaşı və səhhətindəki problemlər nəzərə alınaraq 14 il müddətinə şərti cəza təyin edilib. Məhkəmə hökmünə əsasən, Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi üçün təqdimat göndərilməsi, üzərinə həbs qoyulmuş əmlakının isə müsadirə olunması da qərara alınıb.



