Qazaxda dəhşətli qəza: Ölənlərin sayı artdı – İki azyaşlı da həyatını itirdi
Qazax rayonunda iki minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində iki azyaşlı da daxil olmaqla 4 nəfər ölüb, bir nəfər xəsarət alıb.
Azmedia.Az xəbər verir ki, hadisə noyabrın 18-də saat 19:30 radələrində Qazax rayonunun Aslanbəyli–Kəmərli avtomobil yolunda qeydə alınıb.
Məlumata görə, İttifaq İkram oğlu Müsədirovun idarə etdiyi “Opel” markalı, 99-RU-835 dövlət qeydiyyat nişanlı avtomobillə Sənan Hüseyn oğlu Dəryaquliyevin idarə etdiyi “Tofaş” markalı, 10-NB-330 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və “Tofaş” markalı nəqliyyat vasitəsində olan iki azyaşlı sərnişin həyatını itirib. Digər qadın sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
APA-nın məlumatına görə, hadisə yerində ölən şəxslərin rayonun Kəmərli kənd sakinləri olduğu bildirilir. Onlar 2018-ci il təvəllüdlü M. Mehtili, 2018-ci il təvəllüdlü G. Dəryahquluyeva və 1989-cu il təvəllüdlü S. Dəryahquliyevdir.
“Opel” markalı avtomobilin sürücüsü İ. Müsədirov və “Tofaş” markalı avtomobilin sərnişini, 1996-cı il təvəllüdlü T. Dəryahquliyeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, İ. Müsədirovun həyatını xilas etmək mümkün olmayıb. T. Dəryahquliyevanın vəziyyətinin ağır olduğu qeyd edilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri ötmə və manevr qaydalarına, eləcə də müəyyən edilmiş sürət həddinə ciddi riayət etməyə çağırıb. İdarə təhlükəli ötmə, düşünülməmiş manevr və sürət həddinin aşılmasının ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin əsas səbəbləri sırasında olduğunu diqqətə çatdırıb.



