Tələbələrin ağır ittihamları ilə gündəmə gələn BDU dosenti evində ölü tapıldı – ŞOK TƏFƏRRÜATLAR-FOTO
Bakı Dövlət Universitetinin (BDU) keçmiş dosenti Nəriman Süleymanovun (Qocatürk) vəfat etməsi ilə bağlı yayılan məlumat onun barəsində əvvəllər səsləndirilmiş ağır iddiaları yenidən gündəmə gətirib. Müxtəlif vaxtlarda bir sıra keçmiş və indiki tələbə qızlar tərəfindən onun ünvanına seksual qısnama, psixoloji manipulyasiya və zorakılıqla bağlı ittihamlar irəli sürülüb.
Azmedia.Az xəbər verir ki,1967-ci il təvəllüdlü Nəriman Süleymanovun (Qocatürk) meyiti 2026-cı il noyabrın 18-də axşam saatlarında Bakı şəhərinin Yasamal rayonunda yaşadığı evdə aşkarlanıb.
Məlumata görə, hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.
Tələbələrin ağır iddiaları ilə gündəmə gəlmişdi
Qeyd edək ki, Nəriman Süleymanov (Qocatürk) barəsində son dövrlərdə bir sıra keçmiş və indiki tələbə qızlar tərəfindən seksual qısnama, psixoloji manipulyasiya və zorakılıq iddiaları səsləndirilib. Məsələ sosial şəbəkələrdə və müstəqil tələbə platformalarında geniş müzakirələrə səbəb olub.
İctimaiyyətə təqdim edilən məlumatlarda altı nəfər keçmiş tələbənin kollektiv müraciəti, eləcə də anonim şikayətlər əsasında müəllimin tələbə qızlara qarşı cinsi istismar və manipulyasiya xarakterli davranışlar sərgilədiyinin iddia olunduğu bildirilib.
Şikayətçilərin iddialarına əsasən, müəllim əvvəlcə tələbələrdə qayğıkeş pedaqoq təəssüratı yaradaraq maddi yardım, kitab və iş vədləri vasitəsilə onların etimadını qazanmağa çalışıb. Daha sonra isə emosional bağlılıq yaratmaq cəhdləri, ailələrinə məlumat verməklə hədələmə və akademik səlahiyyətlərindən istifadə etməklə tələbələri intim münasibətlərə yönləndirmə hallarının baş verdiyi irəli sürülüb.
Evində zorakılıq və məcburi spirtli içki iddiaları
2025-ci ilin aprel ayından etibarən ictimailəşən müraciətlərdə daha ağır ittihamlar da yer alıb. Belə ki, şikayətçilərdən birinin açıqlamasında müəllimin öz evində tələbəyə qarşı fiziki zorakılıq etdiyi, onu zorla spirtli içki qəbul etməyə məcbur etdiyi və müxtəlif təhdidlərlə susdurmağa çalışdığı iddia olunub.
Həmin müraciətlərdə müəllimin tələbələrlə münasibətlərində psixoloji təzyiq və manipulyasiya üsullarından istifadə etdiyi də bildirilib.
BDU rəhbərliyinə və Elm və Təhsil Nazirliyinə çağırışlar edilmişdi
İddiaların ictimailəşməsindən sonra ictimai fəallar və tələbə platformaları məsələ ilə bağlı Bakı Dövlət Universitetinin rəhbərliyinə və Elm və Təhsil Nazirliyinə müraciət edərək araşdırma aparılmasını tələb etmişdilər.
Həmin dövrdə yayılan məlumatlara əsasən, universitet rəhbərliyi və Nəriman Süleymanovun özü ittihamlarla bağlı rəsmi açıqlama verməmişdi.
Hazırda Nəriman Süleymanovun vəfatı ilə bağlı prokurorluq araşdırması aparılır. Onun ölümü ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmasının nəticələri gözlənilir.



