Həsən Əliyev küçəsində təhlükəli hadisə: Açıq lyukun dəmiri avtomobilin benzin çənini deşdi- FOTO/VİDEO

Həsən Əliyev küçəsində təhlükəli hadisə: Açıq lyukun dəmiri avtomobilin benzin çənini deşdi-

Həsən Əliyev küçəsində yol infrastrukturunun baxımsız vəziyyətdə olması sürücü üçün təhlükəli vəziyyət yaradıb.

Azmedia.Az xəbər verir ki, küçə ilə hərəkətdə olan Range Rover markalı avtomobilin arxa təkəri yol üzərindəki lyuka ilişib. Nəticədə lyukun metal hissəsi yerindən qoparaq avtomobilin yanacaq çənini deşib.

Hadisədən sonra avtomobilin benzin çənindən yanacaq axmağa başlayıb və nəqliyyat vasitəsi benzin axıda-axıda hərəkətini davam etdirib.

Baş verən hadisə həmin ərazidə yol infrastrukturunun vəziyyəti ilə bağlı ciddi suallar doğurur. Görünən odur ki, lyukun metal konstruksiyası lazımi vəziyyətdə saxlanılmayıb və vaxtında müvafiq təmir-bərpa işləri aparılmayıb.

Nəzərə almaq lazımdır ki, sözügedən yoldan hər gün çoxsaylı avtomobillər istifadə edir. Lyukun bu vəziyyətdə qalması digər sürücülər üçün də təhlükə yaradır. Vaxtında tədbir görülsəydi, bu cür hadisənin qarşısını almaq mümkün ola bilərdi.

Aidiyyəti qurumların məsələyə diqqət yetirməsi, ərazidəki lyukun vəziyyətinin yoxlanılması və zəruri təmir işlərinin aparılması vacibdir.