Gözəllik salonuna gedənlərə PUL QAYTARILACAQ – Yeni vergi güzəştləri açıqlanıb!

Gözəllik salonuna gedənlərə PUL QAYTARILACAQ –

Bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər üçün nəzərdə tutulan yeni vergi güzəştləri həm sahibkarların, həm də müştərilərin maliyyə imkanlarına təsir edəcək. Dəyişikliklər çərçivəsində nağdsız ödənişlərə görə vətəndaşlara pulun bir hissəsi geri qaytarılacaq.

Azmedia.Az xəbər verir ki, bu barədə Trend məlumat yayıb. Məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Təklif olunan dəyişikliklərə əsasən, qeyd olunan sahələrdə fəaliyyət göstərən sahibkarların POS-terminal vasitəsilə əldə etdikləri dövriyyənin 50 faizi müəyyən müddət ərzində vergi tutulan ümumi dövriyyədən çıxılacaq. Bununla yanaşı, xidmətlərin dəyərini nağdsız formada ödəyən müştərilərə ödəniş məbləğinin 0,9 faizi geri qaytarılacaq.

Vergi Məcəlləsinə təklif edilən yeniliklər bərbərxanaların, gözəllik salonlarının və kosmetoloji mərkəzlərin vergi öhdəliklərini, eləcə də həmin xidmətlərdən istifadə edən istehlakçıların əldə edəcəyi güzəştləri əhatə edir.

Dəyişikliklərdən biri bu sahədə çalışan sahibkarların ƏDV güzəşti nəticəsində əldə etdikləri gəlirlərin gəlir və mənfəət vergisindən azad edilməsini nəzərdə tutur. Belə ki, ƏDV hesablanarkən POS-terminal vasitəsilə həyata keçirilən nağdsız ödənişlər üzrə dövriyyənin 50 faizinin vergi tutulan ümumi dövriyyədən çıxılması nəticəsində yaranan gəlirlər fiziki şəxslər üçün gəlir vergisindən, digər şəxslər üçün isə mənfəət vergisindən azad olunacaq.

Digər mühüm yenilik bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlərdə göstərilən xidmətlərə görə nağdsız ödənişlərə aiddir. 2027-ci il yanvarın 1-dən etibarən POS-terminal vasitəsilə aparılan ödənişlər əsasında formalaşan dövriyyənin 50 faizi üç il müddətində sahibkarların vergi tutulan ümumi dövriyyəsindən çıxılacaq.

Bu güzəştdən yararlanmaq üçün nağdsız ödənişlər nəzarət-kassa aparatına vahid əməliyyat sistemi vasitəsilə inteqrasiya edilmiş POS-terminal üzərindən həyata keçirilməlidir.

Təklif olunan dəyişikliklər sahibkarların sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu da əhatə edir. Belə ki, ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan çox olan bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlərin fəaliyyəti ilə məşğul olan şəxslər 2027-ci il yanvarın 1-dən etibarən beş il müddətinə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ əldə edəcəklər.

Müştərilər üçün də müəyyən güzəştlər nəzərdə tutulur. Fiziki şəxslər bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlərdən aldıqları xidmətlərin haqqını nağdsız qaydada ödədikdə, ödəniş məbləğinin 0,9 faizi onlara geri qaytarılacaq.

Bundan əlavə, həmin xidmətlərə görə ödənilmiş ƏDV-nin müəyyən hissəsinin qaytarılması mexanizmi də tətbiq ediləcək. Belə ki, nağdsız qaydada ödənilən ƏDV-nin 17,5 faizi, nağd ödənişlər zamanı ödənilmiş ƏDV-nin isə 5 faizi istehlakçılara geri qaytarılacaq. Vəsaitlərin qaytarılması müvafiq qaydada həyata keçiriləcək.

Beləliklə, təklif olunan dəyişikliklər bir tərəfdən gözəllik və kosmetoloji xidmətlər göstərən sahibkarların vergi yükünün azaldılmasını, digər tərəfdən isə bu xidmətlərdən yararlanan müştərilərin nağdsız ödənişlərə marağının artırılmasını hədəfləyir.